Vətən müharibəsi iştirakçılarının məşğulluğu problemləri araşdırılıb
Müsahibimiz Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri Rəsmiyyə Abdullayevadır
– Rəsmiyyə xanım, rəhbərlik etdiyiniz Türkdilli
Dövlətlərin İqtisadçıları İctimai Birliyi “Müharibə iştirakçılarının
məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində təklif və
tövsiyələrin hazırlanması” adlı layihə icra edir. Bu layihə ilə bağlı
oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.
– Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “Müharibə
iştirakçılarının məşğulluq imkanlarının yaxşılaşdırılması istiqamətində
təklif və tövsiyələrin hazırlanması” layihəsini Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair
təşəbbüslər” layihələrinin maliyyələşdirilməsi üzrə qrant müsabiqəsi
çərçivəsində icra edir. Bu, tədqiqat layihəsidir. Layihə çərçivəsində
tədqiqat qrupumuz “Vətən müharibəsi iştirakçılarının məşğulluğu” adlı
kitab araya-ərsəyə gətirib.
– Bu mövzuda kitab yazmaq ideyası necə yarandı?
– Biz, şanlı Zəfərimizi Vətən müharibəsi iştirakçılarına borcluyuq!
Onlar bizim üçün vuruşublar. İşğal altında olan torpaqlarımızın hər
qarışını canları, qanları bahasına azad ediblər. Onların hər biri
qəhrəmandır. Bizim də vəzifəmiz onların sosial müdafiəsinin
gücləndirilməsi olmalıdır. Sosial müdafiənin gücləndirilməsinin əsas
üsullarından biri də məşğulluq imkanlarının genişləndirilməsidir. Biz
tədqiqatçıyıq. Odur ki, Vətən müharibəsi iştirakçılarının sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı verə biləcəyimiz töhfə
tədqiqatdır. Bu səbəbdən də, belə bir mövzuda kitab yazmaq qərarına
gəldik. Bir tədqiqat qrupu formalaşdırdıq.
– Tədqiqat qrupuna kimlər daxil idi?
– Tədqiqat qrupumuza tanınmış iqtisadçı alimlər – iqtisad elmləri
doktoru, professor Nazim İmanov və iqtisad üzrə fəlsəfə doktoru, dosent
Allahyar Muradov daxil idilər. Düşünürəm ki, çox gözəl bir tədqiqat
aparmışıq. Ölkəmizdə Vətən müharibəsi iştirakçılarının məşğulluğunun
mövcud vəziyyəti təhlil edilib, bu sahədə müvafiq qanunvericilik bazası
qiymətləndirilib. Bunlarla yanaşı, bir sıra ölkələrin (ABŞ, Koreya,
Böyük Britaniya və s.) bu sahə üzrə təcrübəsi öyrənilib və Vətən
müharibəsi iştirakçılarının məşğulluğunun yaxşılaşdırılması
istiqamətində müvafiq təkliflər verilib.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyəti necədir?
– Ölkəmizdə son illərdə Vətən müharibəsi iştirakçılarının sosial
müdafiəsinin gücləndirilməsi, habelə məşğulluq səviyyəsinin
yüksəldilməsi ilə bağlı hökumət tərəfindən bir sıra islahatlar aparılıb
və bu sahədəki vəziyyət əvvəlki illərlə müqayisədə yaxşılaşdırılıb. Bunu
tədqiqat çərçivəsində apardığımız sorğunun nəticələri də isbatlayır.
Hazırda Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin
gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Lakin
Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi,
onların məşğulluq imkanlarının yaxşılaşdırılması üçün bir sıra
islahatların aparılmasına, görülən tədbirlərin genişləndirilməsinə
ehtiyac vardır.
– Siz Vətən müharibəsi iştirakçılarının məşğulluğunun mövcud
vəziyyətinin öyrənilməsi ilə bağlı sorğu keçirdiyinizi qeyd etdiniz.
Sorğunun nəticələri nəyi göstərir?
– Qeyd edim ki, Vətən müharibəsi iştirakçılarının məşğulluğu ilə bağlı
statistik məlumatların əksəriyyəti əlçatan deyil. Odur ki, Vətən
müharibəsi iştirakçılarının məşğulluğunun mövcud vəziyyətini
qiymətləndirməkdən ötrü sorğu keçirməli olduq. Nəticələrə görə, sorğuda
iştirak edən müharibə iştirakçılarının 53,7%-i işlədiyini, 46,3%-i isə
işləmədiyini bildirib. Sorğuda iştirak edən və işləyən Vətən müharibəsi
iştirakçılarının çoxu (50,9%-i) dövlət sektorunda, 39,6%-i isə özəl
sektorda çalışır. İşləyən respondentlərin 9,5%-i özünüməşğul olduğunu
qeyd edib. Sorğuda iştirak edən və işləyən Vətən müharibəsi
iştirakçılarının işlərindən məmnuniyyət səviyyəsi ilə bağlı suala
respondentlərin 50%-i “razı olduğunu”, 31%-i “qismən razı olduğunu”,
19%-i isə “hazırkı işindən razı olmadığını” bildirib. Göründüyü kimi,
sorğuda iştirak edən və işləyən Vətən müharibəsi iştirakçılarının böyük
əksəriyyəti işindən razıdır. Bu da, son illərdə dövlətin Vətən
müharibəsi iştirakçılarının sosial müdafiəsi, onların məşğulluq
imkanlarının yaxşılaşdırılması ilə bağlı apardığı siyasətin nəticəsidir.
İşindən razı olmayan respondentlərə “Necə iş istərdiniz?” sualı
verilib. Bu sualı cavablandıranların 41,8%-i “daha yüksək gəliri olan”,
40,3%-i “daha yaxşı iş mühiti olan”, 17,9%-i isə “digər” variantını
seçib. Respondentlərin işləməməsinin səbəblərini araşdırmaq üçün onlara
“Niyə işləmirsiniz?” sualı ünvanlanıb. Bu sualı cavablandıran
respondentlərin ən çoxu (30%-i) “səhhətinin imkan vermədiyini” bildirib.
Bu da təbiidir, çünki müharibə iştirakçılarının çoxu döyüşlər vaxtı
sağlamlıqlarını bu və ya digər dərəcədə itiriblər. 28% “uyğun iş tapa
bilmədiyini” qeyd etmişdir. Uyğun iş tapa bilməməyin səbəbləri arasında
“sağlamlıq imkanlarının məhdud olması” əsas amildir. Respondentlərin
16%-i “əlilliyi olan şəxslərin işləməsi üçün müvafiq infrastrukturun
olmadığını” qeyd edib. “Hansı sektorda işləmək istərdiniz?” sualına
respondentlərin 48,5%-i “dövlət sektorunda”, 42,4%-i “şəxsi biznesini
qurmaq istədiyini”, 9,1%-i isə “özəl sektorda” çalışmaq istədiyini
bildirib.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunun
tənzimlənməsi ilə bağlı mövcud qanunvericilik bazasını necə
qiymətləndirirsiniz?
– Qeyd edim ki, Azərbaycanda Vətən müharibəsi iştirakçılarının sosial və
hüquqi müdafiəsinin təmin edilməsi ilə bağlı (birinci Qarabağ
savaşından dərhal sonra) “Veteranlar haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. Bu Qanun, BMT Baş Məclisinin
1992-ci il dekabrın 3-ündə keçirilən 46-cı sessiyasının qəbul etdiyi
prinsiplərə əsaslanaraq hazırlanıb. Qanunda müharibə (Böyük Vətən
müharibəsi (1941-1945-ci illər), Əfqanıstan müharibəsi, Vətən müharibəsi
və s.), silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli
təhlükəsizlik orqanları veteranlarının statusu məsələsi öz əksini tapıb.
Bu qanun ümumilikdə veteranlar barəsində Azərbaycanda dövlət
siyasətinin əsaslarını təşkil edir və baza qanun hesab olunur.
“Veteranlar haqqında” qanun, veteranların statusunu, onlara verilən
güzəştlərin əsas prinsiplərini, veteranların öz fiziki imkanlarından
asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi
üçün təminatları müəyyənləşdirir, habelə veteran təşkilatlarının
fəaliyyət sahəsini tənzimləyir. Adı çəkilən qanunda veteranların
məşğulluğunun təmin olunması ilə bağlı müddəalar da yer almışdır. Əmək
Məcəlləsində də işləyən müharibə iştirakçıları üçün müəyyən güzəştlər
nəzərdə tutulub. Aparılan araşdırmalar göstərir ki, müharibə
iştirakçılarının sosial müdafiəsi ilə bağlı qəbul edilən qanunların,
normativ-hüquqi sənədlərin sosial ədalət prinsipinə uyğun olması xüsusi
əhəmiyyət kəsb edir. Sosial ədalət prinsipləri pozulduqda qanunvericilik
bazasının təkmilləşdirilməsinə ehtiyac yaranır.
– Vətən müharibəsi iştirakçılarının məşğulluğunu necə yaxşılaşdırmaq olar?
– Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi,
onların məşğulluq imkanlarının yaxşılaşdırılması üçün bir sıra
islahatların aparılmasına, görülən tədbirlərin genişləndirilməsinə
zərurət vardır. Fikrimizcə, müharibə iştirakçılarının məşğulluğu ilə
bağlı beynəlxalq təcrübənin dərindən araşdırılması və ölkəmizdə tətbiq
edilməsi ilə mümkün olan optimal model işlənilib hazırlanmalıdır. Vətən
müharibəsi iştirakçılarının məşğulluğu ilə bağlı qanunvericilik
bazasında müvafiq dəyişikliklər edilməlidir. “Məşğulluq haqqında”
Azərbaycan Respublikasının Qanununa Vətən müharibəsi iştirakçılarının
(şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlar da daxil
olmaqla) məşğulluğunun təmin olunması ilə bağlı ayrıca maddə daxil
edilməlidir. “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən maliyyələşdirilməsi Qaydası”nda Vətən müharibəsi
iştirakçıları, habelə müharibə ilə əlaqədar əlilliyi olanlarla bağlı
müddəalar təsbit olunmalıdır. Bunlardan başqa, Vətən müharibəsi
iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, habelə məşğulluq
imkanlarının yaxşılaşdırılması üçün xüsusi Dövlət Proqramının
hazırlanmasını məqəsədə uyğun hesab edirik. Vətən müharibəsi
iştirakçılarının məşğulluq imkanlarının genişləndirilməsi ilə bağlı
maarifləndirmə işi aparılmalı, onların əmək bazarının tələblərinə uyğun
olaraq yenidən hazırlanması imkanları və istiqamətləri
müəyyənləşdirilməli, habelə müharibə ilə əlaqədar əlilliyi olanların
bilik və bacarıqlarının üzə çıxarılması tədbirləri görülməli, onların
məşğulluq imkanlarının yaxşılaşdırılması üçün dövlət-özəl əməkdaşlığı
gücləndirilməlidir. Özəl sektorda Vətən müharibəsi iştirakçılarını işə
götürən sahibkarlar üçün təşviq mexanizmi hazırlanmalı (vergi
güzəştləri, subsidiyalar və dövlət satınalmalarında müəyyən
üstünlüklərin verilməsi), Vətən müharibəsi iştirakçılarının şəxsi
biznesini qurmaları üçün stimullaşdırıcı mexanizm hazırlanmalı, maliyyə
yardımı göstərilməli, onlar arasında sosial sahibkarlıq inkişaf
etdirilməlidir.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Mahir Zeynalov